“Tibbi reabilitasiya: elmi baxışlar və müasir yanaşmalar” elmi-praktiki konfransı baş tutdu!
Böyük sevinc və qürur hissi ilə qeyd etmək istəyirik ki, 27 mart 2021-ci il tarixində Azərbaycan Tibb Universiteti, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Tibbi reabilitasiya: elmi baxışlar və müasir yanaşmalar” adlı elmi-praktik konfransımız uğurla başa çatdı!
Konfransda tibbi reabilitasiya sahəsində tanınmış yerli və xarici mütəxəssislər iştirak etmişdir. Müxtəlif ölkələrdən (Türkiyə, Rusiya, Avstriya) reabilitologiyanın aktual məsələlərində çıxış edən məruzəçilər konfransın işinə uğurlar dilədilər və davamlı olaraq belə konfransların təşkil olunmasını təklif etdilər.
Konfransda günümüzün ən aktual mövzusu olan Covid 19 dan sonra yaranan nevroloji, psixi pozuntuların reabilitasiyası barədə geniş müzakirə aparıldı. Bununla yanaşı, insultdan sonrakı bərpa tədbirləri, ürək-damar xəstəliklərinin, onurğa-bel xəstəliklərinin, revmatik xəstəliklərin və eləcə də, mədə-bağırsaq xəstəliklərinin reabilitasiyasına dair çox dəyərli və faydalı məruzələr dinlənildi.
Tədbirdə 400-ə yaxın tibbin müxtəlif sahələrindən, xüsusən də terapevt, fizioterapevt, nevroloq, psixiatr, pediatr və digərləri qatılmışdırlar.
Tədbir çərçivəsində “Milli Reabilitoloqlar Assosiasiyası” Ictimai Birliyinin Nizamnaməsi müzakirə olundu və “Milli Reabilitoloqlar Assosiasiyası”nın təsis olunması haqqında qərar qəbul olundu. Bütün iştirakçılar və məruzəçilər assosiasiyanın işinə uğurlar arzu etdi və belə bir təşkilatın yaranmasına çoxdan ehtiyac olduğunu bildirdilər.
Sonda tədbirin bütün təşkilatçılarına Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Azərbaycan Tibb Universitetinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinə, təşkilati dəstək göstərən Health and Science İnitiatives şirkətinə, elmi və təşkilat komitəsinin üzvlərinə, sponsorlara (Ever Pharma, Berlin-Chemie, Gedeon Richter) və əməyi keçən hər kəsə təşəkkürlər bildirildi.
Hörmətlə,
Konfransın təşkilat komitəsi